Bakının Əhməd Rəcəbli küçəsində yerləşən Lor hospital adlı tibb müəssisəsində pasientlərə qarşı özbaşınalıq və hörmətsizlik edilir. "Azərbaycan Reallığı" xəbər verir ki, sosial şəbəkələrdə hospitalın həkimlərinin növbə mədəniyyətsizliyinə etirazlar olub.
Onlardan biri – Ələsgər Süleymanov yazıb ki, müayinə üçün 1 saat növbəmi gözlədim: “Növbəm çatanda Nurlan İsayev adlı həkim dəhlizə çıxdı və həmin anda yaxınlaşan bir tanışın növbəsiz saldı içəri. Etirazıma rəğmən, dediyindən belə çıxdı ki, xoşun gəlmir yaxşı yol.
Mən də verdikləri kağızı qaytarıb, ödənişi geri aldım. İndi siz deyin, ağlı başında olan adam bir də o klinikaya, bu ağılda həkimə müraciət edər?
Qoy bunu da bir zəhmət o hospitalın rəhbərliyi düşünsün. İndi necə olsun, qayda-qanun yaratmaq üçün klinikaları da “ASAN xidmətə” keçirsinlər?”
Bundan əlavə, hospitalda həkim qəbulunun qiymətlərində də fırıldağa yol verilir. Uzman doktorun 40 manat, adı doktorun qəbulu isı 30 manatdır. Amma qəbula gedəndə məlum olur ki, 30 manat verən də, 40 manat ödəyən də eyni həkimə gəlir.
Onun dediklərini təsdiqləyənlər şərhlərdə yazıblar ki, hospital özbaşınalıq yuvasıdır. Həbibə Abdulla başına gələnləri nəql edib: “4 il əvvəl mən də eyni laqeydliklə üzləşmişəm orda. Tanışlıqla getmişdim guya məsləhətli həkim vardı.
Özüm ağır xəstə, qucağımda da körpə uşaq, saat 9-da ordaydım, dedilər həkimin yanında adam var. Gözlə ha gözlə, saat 11-də həkim çıxdı yuxulu-yuxulu başladı telefonla danışmağa.
Danışığı bitdikdən sonra yaxınlaşdım, qayıtdı ki, növbənizi gözləyin. Başladı gözünə xoş gələn xəstələri qəbul etməyə. Halbuki mən hamıdan əvvəl gəlmişdim”.
2013-cü ildən fəaliyyət göstərən LOR HOSPİTAL klinikasında hər növ burun, qulaq, boğaz və qırtlaq əməliyyatları, eləcədə plastik və rekonstruktiv əməliyyatlar həyata keçirilir.
Bir müddət əvvəl Bakı sakini Nazir Sabir oğlu Ramazanov ”Lor Hospital”da qarşılaşdığı problemdən mətbuat vasitəsilə müxtəlif dövlət qurumlarına şikayət etmişdi.
Ramin adlı həkim onu hospitalda əməliyyat edərkən nitqini tamamilə itirib: “İnsanlara fikrimi ya işarələrlə, ya da yazmaqla çatdıra bilirəm. Əllərim iflic olub, əl hərəkətlərimin tamlığı pozulub.
Şikayətçi həkimin əməlində Cinayət Məcəlləsinin 314.1 və 314.2 maddələrinin tərkibinin olduğunu vurğulayıb.
Vətəndaş Aygün Babayeva da “Lor hospital”ın fəaliyyətindən narazı qalmışdı: “Özümü hərdən söyürəm. Kaş ayaqlarım sınardı, ” Lor Hospital”a getməzdim.
Orda mənim ümüdlərim qırıldı, həyata qarşı inamım itdi. Depressiyaya düşdüm. Aldığım müalicəni də yarıda qoydum.
Həkim Aynurə xanım idi. Həkimə “angina” olan zaman qulaqlarımın daha da tutulmasını bildirəndə isə üstümə qışqırıb, “Adama neçə dəfə demək olar, boğazın qulağa heç bir təsiri yoxdur. Siz karsız? Məni eşitmirsiz? Neçə dəfə 1 sözü deməliyəm axı?” dedi.
Sonradan mənə aydın oldu ki, hospitalda pulsuz müayinə aksiyası yalandan başqa bir şey deyilmiş. İnsanların hissləri ilə oynayırlar”.
Şikayətlər isə kütləvidir və yaxın vaxtlarda klinikadan reportajımızda yeni nüansları açıqlayacağıq….